İyunun 13-də Şamaxının Meysəri kəndində II Beynəlxalq Barbekü Festivalı start götürüb.
Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazlar iştirak edir.
O vurğulayıb ki, bu cür festivallar qonaqlara xoş anlar yaşatmaqla yanaşı, Şamaxının qonaqpərvərliyini də nümayiş etdirir.
Gürcüstanlı məşhur aşpaz Quram Boqdaşvili çıxışında ənənələrin qorunmasının əhəmiyyətindən danışıb. O, Azərbaycanda və xüsusilə Şamaxıda olmaqdan məmnunluğunu ifadə edib, bu şəhərə ilk səfəri olduğunu və bunun onun üçün xüsusi an olduğunu qeyd edib.
Mədəni mübadilə və qastronomik turizmin inkişafına yönələn festivalda möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz nümunələri sərgilənir.
Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya kimi ölkələri təmsil edən şef-aşpazlar iştirak edir.
Festivalda təmsil olunan aşpazlar kulinariya sahəsində çoxillik təcrübəyə malik, müxtəlif ölkələrin tanınmış restoranlarında çalışmış, bir çox iri festivallarda mükafatlar qazanmış şeflərdir.
Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçirilir, restoran pavilyonlarında isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılıb.
Dadların, dostluğun və açıq hava əyləncəsinin birləşdiyi festivalın hər iki günü maraqlı tədbirlərlə zəngindir.
Həftəsonuna təsadüf edən kulinariya bayramının birinci günü şef-aşpazların festival ərazisinə yürüşü ilə başlayıb. İştirakçı şeflər və qonaqlar xüsusi paradla tamaşaçıları salamlayaraq, kulinariya ab-havası yaradıblar.
"Barbekü və Manqal" duelində beynəlxalq barbekü və yerli kabab ustaları yarışıb. Bu dad "savaşı" festivalın ən maraqlı şoularından olub. Şeflər öz reseptləri və bişirmə texnikaları ilə fərqli dadlar təqdim edib, tamaşaçılar isə bu əyləncəli qarşıdurmanın şahidi olublar.
Kulinariya həvəskarları və peşəkar şef-aşpazlar arasında yarışma keçirilib. Hazırlanan yeməklər peşəkar münsiflər tərəfindən qiymətləndirilib və günün qalibi müəyyən olunub.
Axşam saatlarında musiqili proqram təqdim edilib.
Festival iyunun 14-də davam edəcək. İkinci gün ləziz təqdimatlar və əyləncə ilə yadda qalacaq. "Steyk şou"da şef-aşpazlar steykləri özünəməxsus üsulla bişirəcək, kulinariya sirlərini və məsləhətlərini tamaşaçılarla bölüşəcək. Musiqili proqram festivalı daha da rəngarəng edəcək.
Beləliklə, iki gün ərzində Meysəri kəndi ləzzətli təamlar və səmimi ünsiyyət məkanına çevriləcək.
Qeyd edək ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və "Abqora" restoranının dəstəyi, "Azərsun Holdinq", "Coca-Cola Azərbaycan"ın baş sponsorluğu, "Azərbaycan Hava Yolları" QSC, "Premium Meat", "Baku Medical Plaza"nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur.












