Şəki Xan Sarayının yerləşdiyi ərazidə məskunlaşma tarixinin əvvəllər düşünüldüyündən qədim olduğu elmi şəkildə təsdiqlənib.
Oxu.Az xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutu "Report"a bildirib ki, Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində 2023-2025-ci illərdə "Yuxarı Baş" Qoruğu ərazisində aparılan qazıntılardan alınan kömür nümunələri Tokio Universitetinin Radiokarbon Laboratoriyasında analiz edilib.
Analizlər göstərib ki, ən qədim nümunə 1255-1288-ci illərə, daha yüksək ehtimalla 1263-1288-ci illərə aiddir. Bu, XIII əsrdə ərazidə insan fəaliyyətinin olduğunu sübut edir.
Sonrakı əsrlərdə də ərazi tərk edilməyib. XVI-XVII əsrlərdə yenidən istifadə olunub, XVIII-XIX əsrlərdə intensiv fəaliyyət davam edib.
Mütəxəssislər qeyd edir ki, sarayın inşa yeri təsadüfi olmayıb. O, yüzilliklər boyu əhəmiyyətini qoruyan qədim yaşayış məkanında tikilib.
Qazılmamış sahələrdə daha qədim tikili qalıqlarının aşkar edilə biləcəyi ehtimal edilir.












