Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır. Sakinlər və satıcılar bu səbəbdən gediş-gəlişin çətinləşdiyini bildirirlər.
"Xəzər" TV-yə müraciət edən Əmircən qəsəbəsi sakinləri iddia edir ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib. Həmin ərazi təmizləndikdən sonra yeni tikili inşa edilməyə başlanıb. Tikinti işləri piyada səkilərinin bir hissəsini zəbt edib.
Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər. Onlar bildirirlər ki, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb.
"Suraxanıbazar" ASC-nin nümayəndəsi isə qeyd edib ki, 2024-cü ildə tikinti icazə sənədləri olmadığı üçün dayandırılmışdı. Hazırda sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işləri davam etdirilir.












