Ucarın Boyat kənd sakinlərinin çirkli sudan istifadəsi ilə bağlı şikayətlərinə rəsmi cavab gəlib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, kənddə 113 hektar həyətyanı və 908 hektar pay torpaq sahəsi var.
Hazırda kənddə modul tipli sutəmizləyici qurğu və ictimai su bulaqları mövcud deyil. Əhalinin su tələbatı suvarma suyu ilə ödənilir.
Kəndin su təminatı Şirvan Suvarma Kanalından qidalanan R-8 paylayıcısı vasitəsilə Kəsbər kanalı ilə həyata keçirilir. Hazırda Kəsbər kanalında təmir-bərpa işləri aparılır.
Qurum bildirib ki, su mənbələrinin çirkləndirilməsinin qarşısının alınması üçün mütəmadi nəzarət tədbirləri həyata keçirilir.












