Abşeron rayonunun Xırdalan şəhəri, 26-cı məhəllə, Məhsəti Gəncəvi küçəsində yerləşən geniş ərazi uzun illərdir məişət tullantıları ilə çirkləndirilir.
Sakinlər bildirirlər ki, antisanitar vəziyyət 15 ildən artıqdır davam edir. Tullantılardan yayılan üfunət və küçə heyvanlarının əraziyə toplaşması gündəlik həyatı çətinləşdirir.
Bir sakin deyir: 'Üç ildir burada yaşayıram. Bu ərazini təmiz görməmişəm.' Digəri isə: 'Üfunətin, ağcaqanadın əlindən evdə oturmaq olmur.'
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi hüquqi şəxsə məxsusdur və təmizliklə bağlı şirkətə xəbərdarlıq edilib. Yaxınlıqda konteynerlər olsa da, vətəndaşlar tullantıları yola atır. Yağışlar səbəbindən təmizlik gecikir, lakin tezliklə həll olunacaq.












