Azərbaycan özünü süni intellekt və məlumat mərkəzləri üçün regional hab kimi mövqeləndirir. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, Qafqaz, Mərkəzi Asiya və qonşu bazarlarda elektrik enerjisinə təxmini tələbat 850 meqavat təşkil edir, region üzrə mövcud təchizat isə cəmi 30 meqavatdır. Bu, süni intellekt və məlumat mərkəzləri kimi yüksək enerji tələb edən infrastrukturlar üçün regionda ciddi boşluq olduğunu göstərir.
S.Məmmədov qeyd edib ki, Azərbaycan artan tələbat fonunda özünü regional hesablama və data mərkəzi habı kimi formalaşdırmağa çalışır. Ölkənin 2 qiqavatdan çox əlavə enerji gücü, genişmiqyaslı yaşıl enerji layihələri, rəqabətqabiliyyətli tarifləri və inkişaf etmiş rəqəmsal bağlantıları mühüm üstünlüklər yaradır.
Nazir müavini əlavə edib ki, hesablama infrastrukturunun genişləndirilməsi və regionda artan tələbatın qarşılanması üçün aparıcı qlobal texnologiya şirkətləri və hiperskeyl provayderlərlə uzunmüddətli əməkdaşlıq üzrə danışıqlar aparılır.
Milli Süni İntellekt Mərkəzi və Akademiyası aparıcı beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı həllərin hazırlanması və idarə olunması istiqamətində ixtisaslı kadrlar yetişdirir. Layihələr sırasında dövlət xidmətləri üçün Azərbaycan dilində böyük dil modelinin yaradılması da yer alır.
