Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin son söz mərhələsində mərkəzin sabiq direktoru Mehriban Abbasquliyeva məhkəmədən vaxt istəyib. Məhkəmə işə fasilə verib. Fasilədən sonra sabiq direktorun qan təzyiqinin qəfil yüksəldiyi və xəstəxanaya yerləşdirildiyi məlum olub. Proses iyunun 4-dək təxirə salınıb.
2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə 361 min manat maddi ziyan dəyib.
İstintaq müəyyən edib ki, direktor Mehriban Abbasquliyeva xəstə qəbulu sayını artırmaqla elektrik təsərrüfatının yüklənməsinə səbəb olub. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, yanğın təhlükəsizliyi qaydaları pozulub.
Mehriban Abbasquliyeva vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarını pozma, şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədli isə yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə təqsirləndirilir.












