Danimarka alimləri 13 saniyəlik testlə komadan çıxma ehtimalını qiymətləndirməyin yolunu tapıblar.
Kopenhagen Universitet Xəstəxanasının tədqiqatçıları göz bəbəklərinin işığa reaksiyasını ölçən test hazırlayıblar. Bu test ağır kəllə-beyin travması keçirmiş xəstələrin şüurunun bərpa olunub-olunmayacağını proqnozlaşdırmağa kömək edir.
Tədqiqata 250 beyin zədəli xəstə və 30 sağlam könüllü qatılıb. 20 gün ərzində hər gün avtomatik pupillometriya aparılıb. Nəticələr göstərib ki, bəbəyin gec reaksiyası nə qədər ifadəli olsa, şüurun yaxşılaşma ehtimalı bir o qədər yüksəkdir.
Test hər göz üçün 13 saniyə çəkir və reanimasiya şöbələrində asanlıqla tətbiq oluna bilər.












