Bakı-Tbilisi qatarına bilet tapmaq getdikcə çətinləşir. Sərnişinlər həm kassalarda, həm mobil tətbiqdə, həm də rəsmi saytda bilet tapa bilmirlər. Bəs səbəb nədir?
Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Oxu.Az-a açıqlamasında bildirib ki, bütün satış kanalları eyni sistemə bağlıdır və biletlər eyni anda satışa çıxarılır. Yüksək tələbat səbəbindən biletlər sürətlə tükənir.
Fərəcov qeyd edib ki, ADY heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir və kvota ayırmır. Biletlərin kütləvi alınıb satılmasına dair fakt yoxdur. Hər bir şəxs bir səfərə ən çox 4 nəfərə bilet ala bilər.












