Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarında balansların mənfi göstərilməsi və vəsaitlərin silinməsi ilə bağlı şikayətlər artır. Oxşar problemlər digər bank və ödəniş xidmətlərində də müşahidə olunur.
Oxu.Az-a daxil olan görüntülərə görə, son saatlarda müştərilər kart hesablarında uyğunsuzluqlarla üzləşiblər. Bir istifadəçi AFB Bankdan ABB kartına 417 manat köçürdükdən sonra balansın mənfi 1500 manat göstərildiyini bildirib.
Eyni zamanda, sosial şəbəkələrdə ABB müştəriləri mənfi balans və səbəbsiz vəsait silinməsindən şikayətçi olublar. AccessBank və Yelo Bank da texniki çətinliklər barədə müştərilərinə xəbərdarlıq edib. Rabitə Bank-da da problem qeydə alınıb.
ABB rəsmi açıqlamasında bildirib ki, üçüncü tərəfli texniki çətinlik səbəbindən kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda həll olunacaq.












