Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar bölgələrə əlavə avtobus reysləri təşkil edilir. 26-31 may tarixlərində avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirir ki, şəhərlərarası və rayonlararası marşrutlarda sərnişindaşıma fasiləsiz və təhlükəsiz şəkildə həyata keçiriləcək. Bilet satışı qaydalara uyğun aparılacaq, sıxlığın qarşısı alınacaq.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində xüsusi nəzarət olunacaq. Lazım olduqda xəttə əlavə avtobuslar buraxılacaq.
Vətəndaşlar biletləri onlayn biletim.az portalından və ya avtovağzal kassalarından ala bilərlər. Portalda 58 məntəqəyə 94 istiqamət üzrə bilet mövcuddur. Sistemə 361 reyslə 409 nəqliyyat vasitəsi qoşulub.












