Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Sarayevo küçəsində bəzi sürücülər cərimədən yayınmaq üçün avtomobillərinin nömrə nişanlarını gizlədiblər.
Sosial şəbəkədə yayılan görüntülərdə avtobus dayanacağı və piyada keçidinin yaxınlığında avtomobillərin qanunsuz saxlandığı, sürücülərin isə baqaj qapağını qaldıraraq nömrəni örtdükləri görünür.
Bildirilib ki, avtomobillər saatlarla həmin ərazidə qalıb, sürücülər isə yaxınlıqdakı obyektlərdə olub və ya səkidə söhbət ediblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, ərazidə tədbir görülüb: "Dayanma və durma qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb".












