Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri uzun illərdir ki, uşaqlar və yeniyetmələr tərəfindən enerji içkilərinin istehlakının sağlamlığa ciddi zərər verməsi barədə xəbərdarlıq edirlər. Son tədqiqatlar göstərir ki, bu içkilər məktəblərdə davranış problemlərinin və zorakılığın artmasında rol oynayır.
Azərbaycan Ombudsmanı açıqlamasında bildirib ki, ictimai yerlərdə və təhsil müəssisələrinin ətrafında yetkinlik yaşına çatmayanların energetik içkilərdən istifadəsi sistemli xarakter alıb. Satış zamanı yaş məhdudiyyətinə nəzarətin kifayət olmadığı qeyd edilib.
Həkimlər və psixoloqlar energetik içkilərin uşaqların yuxusunu pozduğunu, akademik göstəricilərini aşağı saldığını və ürək-damar sisteminə mənfi təsir göstərdiyini bildirirlər. Ekspertlər bu içkilərin reklamının məhdudlaşdırılmasını və satışının qadağan edilməsini tələb edirlər.












