İyunun 2-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı ittiham olunan şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı başlayıb.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər erməni və rus dillərində tərcüməçi və vəkillərlə təmin edilib. Zərərçəkmişlərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar da iştirak edib.
Təqsirləndirilən şəxslər tərcüməçilərə, məhkəmə kollegiyasına, müdafiəçilərə, prokurorlara etiraz etmədiklərini bildirib. Onlara hüquq və vəzifələri təkrar izah olunub.
David Babayan özü, digərləri isə müdafiəçiləri vasitəsilə apellyasiya şikayətlərini müdafiə ediblər. Sədr qaldırılan vəsatətlərin növbəti mərhələdə müzakirə ediləcəyini bildirib.
Vəsatətlərə dövlət ittihamını müdafiə edən prokuror Sevinc Qasımova münasibət bildirib. O, ombudsman nümayəndəsinin proses tərəfi olmadığını, şahidlərin kifayət qədər dindirildiyini, yeni sübutlar üçün əsaslandırma tələb olunduğunu qeyd edib.
Məhkəmə kollegiyası müşavirədən sonra vəsatətlərin qismən təmin edildiyini elan edib. Apellyasiya baxışı iyunun 9-da davam etdiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük, digərləri isə 15-20 il müddətinə azadlıqdan məhrum edilib.












