Azərbaycanda siyasi böhranın dərinləşdiyi bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni ağır vəziyyətdən çıxardı, sabitliyin və dövlət quruculuğunun əsasını qoydu. 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi həkk olundu.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli Oxu.Az-a müsahibəsində bildirib ki, Heydər Əliyevin Azərbaycana qayıtması təsadüfi deyildi. O, həlledici və müstəsna rol oynadı.
Keçid dövründə Azərbaycanın siyasi rəhbərliyi Heydər Əliyevin rolunu başa düşmürdü. Onlar qısqanclıqla yanaşır, xalqın taleyini düşünmürdülər. Bu səbəbdən Azərbaycan digər SSRİ respublikalarından daha çox çətinlik çəkdi.
Heydər Əliyev 1990-cı il Yanvar hadisələrindən sonra həmişə Azərbaycana qayıtmaq istəyirdi. Lakin maneələr çox idi. Qayıdış gecikdi, amma böyük əhəmiyyət kəsb etdi. O, Naxçıvanı erməni işğalından qorudu, sonra isə xalqın təkidli tələbi ilə Bakıya gələrək xilaskarlıq missiyasını həyata keçirdi.
Heydər Əliyev qısa müddətdə daxili siyasi sabitliyi bərqərar etdi, Azərbaycanı xarici ölkələrin gözündə sabit və inkişaf etməyə meyilli bir ölkəyə çevirdi.
Onun dövlətçilik fəlsəfəsinin əsas prinsipləri xalqa arxalanmaq, milli maraqları qorumaq və qonşu ölkələrin maraqlarını nəzərə almaqdır. Heydər Əliyev həm Rusiya, həm də İranla münasibətləri normallaşdırdı, Türkiyə ilə əlaqələri dövlətçilik müstəvisinə çıxardı.
Bu gün Azərbaycanın uğurlarının təməlində Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Neft müqavilələri, beynəlxalq forumlar və COP kimi tədbirlər bunun göstəricisidir.
Eynulla Mədətli vurğulayıb ki, gələcək nəsillər üçün ən vacib dərs vətənpərvərlikdir. Heydər Əliyev həmişə deyirdi: "Mən də, ailəm də Azərbaycan üçün özümüzü qurban verməyə hazırıq".











