Hava istiləşdikcə, insanlar istirahət üçün su hövzələrinə üz tuturlar. FHN tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, təhlükəsizlik qaydalarına əməl edilməməsi acı nəticələrə səbəb olur.
Oxu.Az xəbər verir ki, FHN-in Mətbuat Xidməti bu barədə məlumat yayıb. Nazirlik əhaliyə müraciət edərək su hövzələrində, xüsusilə çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Qadağan olunan hallar:
- çimmək üçün nəzərdə tutulmayan yerlərdə çimmək;
- çimmə zonasının sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- xilasetmə texnikasından başqa qayıqlarla çimərliyə daxil olmaq.
Yadda saxlayın:
- uşaqları nəzarətsiz qoymayın;
- xəbərdaredici nişanlara və xilasedicilərin tələblərinə əməl edin;
- qızmar günəş altında uzun müddət qalmayın, hava qaraldıqdan sonra suya girməyin.
Unutmayın: Qaydalara biganəlik həyatınızı təhlükəyə atır! Təhlükə zamanı 112-yə zəng edin.












