İyun ayında Azərbaycanda hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 24 dərəcə isti olub, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.
Maksimal temperatur Bakı və Abşeronda iyunun 19-da 37 dərəcə, bölgələrdə isə Culfada iyunun 20-də 40 dərəcə qeydə alınıb. Minimal temperatur Bakıda 11 dərəcə, dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olub.
İyun ayının bəzi günlərində yağıntılı hava, şimşək, dağlıq ərazilərdə qar müşahidə olunub. Ən çox yağıntı Balakən-Şəki zonasına düşüb. Dolu Daşkəsən, Gədəbəy, Zaqatala və digər rayonlarda qeydə alınıb, ən iri dolu Ağstafada 25-28 mm olub.
Küləkli hava ilə əlaqədar 6 sarı və narıncı xəbərdarlıq verilib. Küləyin maksimal sürəti 28 m/s-dək güclənib.












