Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə keçid ballarının formalaşması ilə bağlı açıqlama verib.
O, Trend və Baku TV-yə müsahibəsində bildirib ki, qiymətləndirmə prosedurları sadədir, lakin izahı mürəkkəbdir.
Keçid ballarının necə formalaşdığını 30 ildir izah etdiklərini deyən sədr, müsabiqəyə buraxılma şərtini xatırladıb.
"Müxtəlif istiqamətlər üzrə bu hədd fərqlidir: 200, 150, bəzi ixtisaslarda 60 bal ola bilər. İlk olaraq, müsabiqəyə buraxılırsınız. Həmin istiqamət üzrə neçə nəfərin bu balı topladığı hər il fərqli ola bilər" - deyə o vurğulayıb.
DİM sədri qeyd edib ki, plan yerləri, seçim sayı kimi amillər keçid ballarına təsir edir. Son 10 ildə müəyyən tendensiyalar müşahidə olunur.
"Hüquq fakültəsi ilə riyaziyyat müəllimliyi ixtisasının keçid balı eyni oldu. Bu, cəmiyyətimiz üçün çox yaxşı dəyişiklikdir" - deyə o bildirib.
IT texnologiyalarına marağın artdığını deyən sədr, hazırda plan yerlərinin keçən ilin səviyyəsində olacağını gözlədiklərini, lakin yekun məlumatın olmadığını vurğulayıb.












