“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş şəhər, qəsəbə və kəndlərə köç prosesi sürətlə davam edir. Köçürülən ailələr içməli su ilə təmin edilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, Şuşa şəhərinə 368 ailə, Xocavənd şəhərinə 231 ailə, Hadrut qəsəbəsinə 61 ailə, Qırmızıbazar qəsəbəsinə 162 ailə, Füzuli şəhərinə 846 ailə, Cəbrayıl şəhərinə 690 ailə, Zəngilan şəhərinə 84 ailə, Kəlbəcər şəhərinə 162 ailə və Laçın şəhərinə 608 ailə köçürülüb.
Bundan başqa, Ağalı kəndinə 262 ailə, Məmmədbəyli kəndinə 178 ailə, Şükürbəyli kəndinə 390 ailə, Horovlu kəndinə 311 ailə, Zabux kəndinə 223 ailə, Bəylik kəndinə 91 ailə, Sus kəndinə 59 ailə yerləşdirilib.
Xocalı rayonunun Xanyurdu, Daşbulaq, Badara, Təzəbinə, Seyidbəyli, Xanabad və Şuşakənd kəndlərinə ümumilikdə 877 ailə, Ağdərə rayonunun Çapar, Suqovuşan, Talış, Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı və Ortakənd kəndlərinə isə 803 ailə köçürülüb.
Köçürülən əhalinin dayanıqlı yaşayışının təmin edilməsi üçün paralel olaraq içməli su, kanalizasiya və digər kommunal infrastruktur layihələri də həyata keçirilir.












