Bu gün "MiniBoss Biznes Məktəbi" tərəfindən növbəti milli çempionat keçirilir və 20 layihə təqdim olunacaq.
Bunu Oxu.Az-a açıqlamasında "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova deyib.
Təsisçi vurğulayıb ki, hər bir layihə cəmi 2 ay ərzində hazırlanıb: "Yəni, qrant alınan müddətdən təqdim olunan ideyalar real məhsula çevrilib. İlk dəfədir ki, 20 layihənin 40 faizi milli irsimizi və mədəniyyətimizi əks etdirən layihələr olacaq. Hər bir ideyanı uşaqlar özləri düşünüblər".
"Şagirdlərimizi gələcəkdə İsveçrənin Davos şəhərində keçiriləcək dünya çempionatı gözləyir. Onlar yarışlarda nə qədər çox qeyri-adi və maraqlı layihələr təqdim edəcəklərsə, bir o qədər çox Azərbaycanı beynəlxalq arenada tanıdacaqlar. Mən çox xoşbəxtəm ki, 5 layihə ilə fəaliyyətə başlayan "MiniBoss Biznes Məktəbi" 80-dən çox layihəsi ilə 6-cı ilini başa vurur", - N.Həsənova qeyd edib.












