Bakıda "Alisiya Möcüzələr Diyarında" adlı saxta layihə ilə vətəndaşları aldadan Seymur Seyaginin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Eldar Məmmədov çıxış edərək təqsirləndirilən şəxs üçün 7 il 6 ay həbs cəzası istəyib.
Vəkilin müdafiə nitqindən sonra Seymur Seyagi son sözünü deyib. Məhkəmə müşavirədən sonra hökmü açıqlayıb.
Hökmə əsasən, Seymur Seyagiyə 2 il sınaq müddəti ilə 5 il şərti həbs cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) üzrə ittiham irəli sürülüb. Zərərçəkənlərə ümumi ziyan 128 min manat olub. Tərəflər arasında barışıq əldə olunub.












