Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə start verilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Mayın 21-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün iş yeri dəyişmə müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayacaq. Qaydalara əsasən, ilkin seçim şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
Qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri mayın 21-i saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. İlkin mərhələ mayın 22-si saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə digər iştirakçılar üçün vakansiya seçimi həyata keçiriləcək. Əlavə məlumat ictimaiyyətə çatdırılacaq. İştirakçılara seçim zamanı diqqətli olmaq və ərizələrini təsdiqləmək tövsiyə olunur.












