Baku TV neft qoxan Bakının qədim kəndi Ramanadan reportaj hazırlayıb. Bu gün Ramana kəndi yenilənir, müasirləşir və məhəllələr abadlaşdırılır.
Ramana kəndinin məşhur tarixi məkanı olan Ramana qalası 12-14-cü əsrə aid edilir. Şirvanşahlar dövründə tikilən qalanın hündürlüyünün təxminən 15 metr olduğu bildirilir.
Kənd sakinləri qalanın əhəmiyyətindən söz açaraq bildiriblər: "Müdafiə xarakterli bir qaladır. Bu qala haqqında çox danışırlar. Hətta bizim kəndin adını çəkəndə, kəndin adının qarşısında qala sözünü də işlədirlər".
Ramana kəndində tarixi tikili və abidələrdən söz açarkən Novruzqulu hamamını da qeyd etmək lazımdır. İddialara görə, hamam 1903-cü ildə tikilib. Son illərdə Ramanada aparılan təmir-yenilənmə zamanı bu hamam da bərpa olunub və tarixi abidə kimi qorunub saxlanılır.
"Ramana" adının haradan gəlməsi sualına isə sakinlər belə cavab veriblər: "Biz kəndin adını həmişə Rəhmanı eşitmişik. Rəhman Allahın adlarındandır. Rəhimli, Rəhmanı eşitmişik. Sonra bu ad təhrif olunub. Deyirlər ki, Roma sözündən gətirilib. Bəlkə Romanın adı Ramana kəndindən götürülüb? Bunu kim deyə bilər?"












