Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, hadisə zamanı xəsarət alan 4 nəfər - bir kişi, üç qadın - iyunun 25-i saat 16:00-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Üç nəfərə ambulator müalicə təyin edilib, evə buraxılıblar. Bir kişinin müalicəsi xəstəxanada davam edir, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, qəza iki minik avtomobilinin toqquşması nəticəsində baş verib. VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. İki uşaq da daxil olmaqla 4 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.












