Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bəzi hallarda sürət məhdudiyyətləri və yol nişanlanması sürücülər üçün əlavə çətinliklər yaradır.
Onun sözlərinə görə, magistrallarda sürət həddi o qədər aşağı müəyyən edilir ki, sürücülər bunu süni məhdudiyyət hesab edir. Zolaqların eni beynəlxalq standartlara uyğun olmadığından sürücülər məcburən yol nişanlanmasını pozur.
Deputat qeyd edib ki, parklanma yerlərindən sonra hərəkət zolağının eni standartdan aşağı düşür. Nəticədə iri avtomobillə yanaşı hərəkət edərkən sürücü keçilməz xətti kəsməyə məcbur olur və kameralar cərimə tətbiq edir.
Babaoğlu vurğulayıb ki, bu vəziyyət sürücülərə psixoloji təzyiq yaradır. O, özünün də naviqator proqramından istifadə etdiyini deyib: "Bir gözüm telefonda, bir gözüm yol nişanlarında, bir gözüm də sürətdə olur. Bu, təhlükəsizlik tədbirlərini əksinə təhlükə mənbəyinə çevirir."












