BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) nəzdində fəaliyyət göstərən "UN4UkrainianCities" layihəsinin rəhbəri Tamara Fortes bildirib ki, Ukrayna şəhərlərinin bərpası artıq konsepsiya mərhələsindən icra mərhələsinə keçib.
Bu fikirlər Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Evlərin və gələcəyin bərpası: Xarkovda şəhər dirçəlişi" adlı tədbirdə səsləndirilib.
Fortes qeyd edib ki, Xarkov və Nikolayev şəhərlərində müasir, inklüziv və enerji səmərəli yaşayış məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Məqsəd yalnız yeni binaların tikintisi deyil, həm də sosial infrastruktur, ictimai məkanlar və əlçatan şəhər mühitinin formalaşdırılmasıdır.












