Elm və təhsil naziri Emin Əmrullayev Bakıdakı universitetlərin köçürülməyəcəyini, ancaq tələbə sayının azaldılacağını açıqlayıb. Trend-ə müsahibəsində nazir bildirib ki, hazırda tələbələrin üçdə ikisi Bakı və ətrafında, üçdə biri isə regionlarda təhsil alır.
Son illərdə tələbə sayı artsa da, keyfiyyətin artırılması üçün say azaldılacaq. Region universitetləri gücləndirilir: Mingəçevir, Qarabağ, Naxçıvan, Lənkəran və Zaqatalada yeni kampuslar və filiallar açılır.
Nazir vurğulayıb ki, köklü universitetləri köçürmək düzgün olmaz, onun əvəzinə tələbə kontingenti azaldılaraq keyfiyyət artırılacaq. Azərbaycanda təhsil haqqı aşağıdır, bu da keyfiyyətə təsir edir. SABAH qrupları bu problemin həlli üçün vacibdir.
Regionlarda təhsil keyfiyyəti bəzi ixtisaslar üzrə Bakıdan yüksəkdir. Valideynlərin uşaqlarını uzağa göndərmək istəməməsi də nəzərə alınaraq, bölgələrdə təhsil imkanları genişləndirilir.












