Mayın 23-də VI "Yüksəliş" müsabiqəsinin analitik təhlil imtahanı start götürüb.
Oxu.Az-ın məlumatına görə, imtahan dörd sessiya olmaqla iki gün ərzində keçiriləcək.
İmtahan mərkəzləri: Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusu, 158, 263, 238 və 56 nömrəli məktəblər, Sumqayıt şəhəri 1 nömrəli məktəb, Nərimanov Məktəb-Lisey Kompleksi, Azərbaycan İdman Akademiyası, Tibb Universitetinin 5 saylı tədris binası, Naxçıvan şəhəri 4 nömrəli məktəb.
Namizədlər 10:00 və 15:30 sessiyalarında iştirak edir. Xaricdən qoşulanlar üçün distant formatda proktorinq ilə 4 sessiya təşkil olunub.
Qeyd edək ki, analitik təhlil imtahanında 7 315 namizəd iştirak edəcək.
İmtahan verbal, rəqəmsal və abstrakt təhlil olmaqla üç blokdan ibarətdir. Ümumi vaxt: üç saat.
Nəticələr T-şkala əsasında hesablanacaq (TOEFL, GMAT, SAT kimi beynəlxalq imtahanlarda istifadə olunur).
Nəticələr imtahandan 5-7 iş günü sonra şəxsi kabinetə göndəriləcək.
"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il Sərəncamı ilə təsis edilib. Qaliblər mentorlarla birillik fərdi inkişaf planı və 20 min manat pul mükafatı qazanır.
Altıncı "Yüksəliş" müsabiqəsi Prezidentin 10 dekabr 2025-ci il Sərəncamı ilə keçirilir.












