Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə yağıntılı hava iyunun 28-i axşamadək davam edəcək. Bakıda və Abşeron yarımadasında yağış güclü olacaq, subasma, sel və daşqın, şimşək çaxması və güclü külək gözlənilir.
FHN təhlükəsizlik qaydalarını xatırladır: subasma və sellərdən qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durun, yüksəkliyə qalxın, xilasedicilərin çağırışlarına əməl edin. İldırımdan qorunmaq üçün elektrik cihazlarını ayırın, telefon danışığından çəkinin, hündür ağac və metal konstruksiyalardan uzaq durun.
Güclü külək zamanı yüngül tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən uzaq durun. Yanğın təhlükəsizliyinə ciddi riayət edin, dənizə girməyin, kiçik gəmilərlə dənizə çıxmayın.












