Mayın 17-də Bakı, Abşeron və Sumqayıtda keçirilən ümumi orta təhsil bazasında imtahanlar zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu səbəbdən imtahana qatıla bilməyən şagirdlər üçün 21 iyun tarixində təkrar imtahan keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, təkrar imtahan yalnız həmin şəhərlərdə imtahan verməli olan şagird və abituriyentlər üçün nəzərdə tutulub.
Kolleclərə qəbul üçün qeydiyyatdan keçən abituriyentlər 25-27 may tarixlərində bu link vasitəsilə yenidən qeydiyyatdan keçə bilərlər.
17 mayda imtahana buraxılış vərəqəsi alan, lakin hava səbəbindən gecikənlər üçün təkrar imtahan ödənişsizdir. İmtahanda iştirak edənlər isə ödəniş etməklə yenidən yazıla bilər.
Kollecə sənəd verməyən, lakin 17 mayda imtahan verməli olan şagirdlər 25-26 mayda məktəblərinə müraciət edərək 21 iyundakı təkrar imtahana qatıla bilərlər. İstəməyənlər sentyabr imtahanına da yazıla bilər.












