Ali Məhkəmə, qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Nəcməddin Şahverdiyevin kassasiya şikayətini təmin etməyib.
O, əmisi Ərəstun Şahverdiyevi xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etməkdə ittiham olunur.
İstintaqa görə, Nəcməddin lal-karlıq və qısa boyunu uğursuzluq sayır, bunu əmisinin verdiyi adla əlaqələndirirdi.
2023-cü ildə Bakının Qaradağ rayonunda əmisinin işlədiyi ət mağazası qarşısında arxadan yaxınlaşıb belinə bıçaqla zərbə endirib. Bıçaq bədəndə qalıb və cinayət niyyəti tamamlanmayıb.
Zərərçəkmişə qarın boşluğuna nüfuz edən ağır xəsarətlər yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilənin psixi xəstəliyi aşkar edilib və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin olunub. Dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib.












