Ali məktəblərə qəbul və buraxılış imtahanlarında gizli cihazlarla kömək edən şəxslərə hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ayxan Məmmədov və Murad Məmmədova isə azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub.
Baş Prokurorluqdan verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi şübhəli hallar barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verib.
İstintaq zamanı İslam Babayevin hazırlıq kursu təşkil edərək abituriyentlərə gizli texniki vasitələr hazırladığı müəyyən edilib.
O, həmçinin Ayxan Məmmədov və Murad Məmmədovla birlikdə 11 nəfərə bu cihazları quraşdıraraq imtahanlarda köməklik göstərib.
İslam Babayev Cinayət Məcəlləsinin 302.3 və 308.1-ci maddələri ilə ittiham olunub.
Oxşar əməllərdə iştirak edən digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.












