Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Şahlar Cabbarov Ukraynadan Azərbaycana ekstradisiya ediləcək.
Baş Prokurorluqdan verilən məlumata görə, Ukrayna Baş Prokurorluğuna göndərilən sorğu və beynəlxalq sənədlərin təqdimatından sonra ekstradisiya ilə bağlı razılıq əldə olunub.
Nəsimi Rayon Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Cabbarov təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham edilir.
O, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmişdi. Ukrayna ərazisində saxlanılan şəxs hazırda ölkəyə gətirilmək üçün tədbirlər görülür.
Baş Prokurorluq axtarışda olan şəxslərin xaricdə aşkarlanması və ekstradisiyası üçün xarici qurumlarla əməkdaşlığı davam etdirir.












