Şirvan şəhər sakin Tahir Abdullayev hüquqsuz və narkotik təsiri altında avtomobil idarə edərkən saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, onun idarə etdiyi Hyundai markalı avtomobil Ekoloji nəzarət bölüyü tərəfindən dayandırılıb. Araşdırma zamanı sürücünün nə sürücülük vəsiqəsi, nə də etibarnaməsi olduğu üzə çıxıb.
Tahir Abdullayevin hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinədən keçirilib və narkotik maddə qəbul etdiyi təsdiqlənib. O, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib və 20 gün müddətinə inzibati həbs cəzası alıb.
BDYPİ narkotik təsiri altında avtomobil idarə edən şəxslərə qarşı daha sərt tədbirlər görəcəyini bildirir və hər kəsi hüquqazidd əməllərə son qoymağa çağırır.












