Tanınmış Hollivud ulduzu Nikol Kidman, övladlarının xətrinə keçmiş həyat yoldaşı Kit Urbanla münasibətlərini yaxşılaşdırmaq üçün addımlar atır.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Məlumata əsasən, cütlük 17 yaşlı Sandey Rouz və 15 yaşlı Feyt Marqaretə görə münasibətləri qaydaya salmağa çalışır.
Jurnalistlərin sözlərinə görə, cütlük qısa müddət əvvəl aktrisanın ad gününü qeyd etdiyi Paris şəhərində görüşüb. Mənbələr bildirirlər ki, onlar artıq aralarındakı dialoqu bərpa ediblər.
"Hazırda onlar üçün bir-birinə dəstək olan dostluq əlaqələri formalaşdırmaq daha rahatdır", - deyə cütlüyə yaxın olan şəxs bildirib.
Nəşr onu da vurğulayıb ki, Nikol Kidman şəxsi həyatını ictimaiyyətdən gizli saxlayır və hazırda hər hansı yeni münasibətdən uzaq durur.
Xatırladaq ki, cütlüyün ayrılması ilə bağlı iddialar ötən ilin sentyabrın 29-da gündəmə gəlmişdi. TMZ nəşri qeyd etmişdi ki, aktrisa və müğənni ötən ilin yayından ayrı yaşayırlar və uşaqların qayğısı əsasən Kidmanın üzərinə düşüb. Mart ayında yayılan məlumatlarda isə qızların ataları ilə əlaqəni kəsdikləri bildirilirdi.












