Avropa İttifaqı (Aİ) Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasını Azərbaycandakı əsas investisiya layihələrindən biri kimi nəzərdən keçirir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov brifinq zamanı bildirib.
Onun sözlərinə görə, vaxtilə Bakıdan, Xəzər dənizi sahilindən Qara dənizə qədər bağlantını təmin etmiş bu dəmir yolu xətti uzun müddət baxımsız vəziyyətdə qalmışdı.
Bojkov bildirib ki, bu yaxınlarda Naxçıvana səfər edib və bir qrup ekspertlə birlikdə Culfa-Naxçıvan marşrutu üzrə dəmir yolu hissəsinə baxış keçirib.
"Biz bu yolu sürəti təxminən 20 km/saat olan işçi qatarla getdik. Təxminən 20 kilometr yolu qət etmək üçün üç saata yaxın vaxt lazım oldu", - o qeyd edib.
Aİ nümayəndəsinin sözlərinə görə, mütəxəssislər hazırda xəttin texniki vəziyyətini, tələb olunan investisiyaların həcmini, mümkün bərpa mexanizmlərini və layihənin təxmini dəyərini təhlil edirlər.
"İlkin nəticələr göstərir ki, dəmir yolu infrastrukturu ümumilikdə qənaətbəxş vəziyyətdədir", - Bojkov deyib.
O qeyd edib ki, inspeksiya zamanı ekspertlər körpülərin, yol ötürücülərinin, həmçinin Araz çayı boyunca, dövlət sərhədinə yaxın ərazidə dəmir yolu hissəsinin vəziyyətini araşdırıblar.
"Naxçıvan dəmir yolunun bərpası layihəsi milli əhəmiyyət daşıyır və prioritet investisiya istiqamətlərindən biri kimi nəzərdən keçirilir", - Bojkov vurğulayıb.





