Yeni Zelandiyanın milli aviadaşıyıcısı "Air New Zealand" yeni "Boeing 787 Dreamliner" təyyarələrinin çatdırılmasını təxirə salır. Şirkət xərcləri azaltmaq və mənfəətliliyi bərpa etmək niyyətindədir.
Yenilənən planlara Boeing təyyarələrinin istehsalındakı gecikmələr səbəb olub. Cari maliyyə ilində gözlənilən iki Boeing 787-nin təhvil verilməsi daha sonra həyata keçəcək. Air New Zealand digər təyyarələrin çatdırılmasını da təxirə salmaq üçün Boeing ilə danışıqlar aparır.
Gecikmələr xərclər cədvəlinə təsir edib. Yüksək yanacaq qiymətləri, artan əməliyyat xərcləri və təchizat zəncirindəki fasilələr maliyyə nəticələrini zəiflədir. Şirkət növbəki ildə xərcləri 100 milyon NZD azaltmağı planlaşdırır.
Rəhbərlik bu tədbirlərin iki il ərzində dayanıqlı mənfəətliliyə qayıtmağa kömək edəcəyini gözləyir. Air New Zealand beynəlxalq marşrutlardan imtina etmir, əksinə uzunməsafəli marşrutlara daha ödəniş qabiliyyətli sərnişinlər cəlb etməyi və daxili xidmətləri gücləndirməyi hədəfləyir.












