AZCON Holding-ə mənsub Azərbaycan Hava Yolları (AZAL) ilk yeni nəsil "Airbus A321neo" təyyarəsini donanmasına qatdı. Təyyarə iyunun 25-də Hamburqda keçirilən mərasimlə təhvil alındı.
Yeni təyyarə ilə AZAL donanmasında "Airbus A319ceo", "A320ceo", "A320neo" və "A321neo" tipləri istismar olunacaq.
Şirkət açıqlamasında bildirir ki, bu əlavə donanmanın modernləşdirilməsi strategiyasının mühüm hissəsidir. Təyyarə yüksək tələbat olan marşrutlarda sərnişindaşıma imkanlarını artıracaq, əməliyyat səmərəliliyini yüksəldəcək və xidmət keyfiyyətini yaxşılaşdıracaq.
"Airspace" salon konsepsiyası ilə təchiz olunan A321neo geniş salon, fərdiləşdirilən işıqlandırma, böyük pəncərələr, LED işıqlandırma və geniş baqaj bölmələri təklif edir. Əvvəlki nəsillərlə müqayisədə oturacaq başına 20% az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, uçuş məsafəsi isə 7400 km-dir.
Tək keçidli hava gəmiləri arasında ən geniş salonlardan birinə malik A321neo 191 sərnişin tutumuna sahibdir. Ən son bort əyləncə sistemi və yüksək sürətli Wi-Fi ilə təchiz edilib.
AZAL-ın uzunmüddətli planına görə, donanma 2032-ci ilə qədər 50 təyyarəyə çatdırılacaq. Cari ilin sonuna qədər daha bir neçə təyyarənin təhvil alınması gözlənilir ki, 2026-cı ildə donanmaya daxil olan təyyarə sayını 8-ə çatdırsın.










