İspaniyalı mütəxəssislər Şərqi Pireneydə Roma imperiyası dövrünə aid böyük bir qızıl hasilatı mərkəzinin mövcud olduğunu sübuta yetiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb.
Məlumata görə, tədqiqatçıların Xirona əyalətində tapdıqları hidravlik mədən işlərinin izləri təqribən 1700 il əvvələ aiddir. Arxeoloqlar obyektin dəqiq yaşını müəyyənləşdirmək məqsədilə optik stimullaşdırılmış lüminessensiya tarixləndirməsi (OSL) üsulundan istifadə ediblər.
Analiz nəticəsində məlum olub ki, qızıl hasilatı Roma dövründə intensiv şəkildə həyata keçirilib və eramızın II əsrinin sonu - III əsrinin əvvəllərində dayandırılıb.
Alimlər müəyyən ediblər ki, qızıl tərkibli allüvial çöküntüləri yumaq üçün Roma mühəndisləri mürəkkəb su təchizatı sistemi tətbiq ediblər. Ərazidə ölçüsü 60 santimetrə çatan daş bloklardan tikilmiş bəndin qalıqları, eni 4.5 metr, dərinliyi 1.5 metr olan su anbarı aşkarlanıb.
Ekspertlərin hesablamalarına görə, mədən işləri zamanı təxminən 2 milyon kubmetr torpaq kütləsi daşınıb. Tarixləndirmə nəticələri hidrotexniki sistemin fəaliyyətinin dayandığı vaxtı dəqiq göstərir.












