Yay aylarında kondisioneri 24-25 dərəcəyə tənzimləmək ən uyğun seçimdir. Bu temperatur bədəni qəfil soyutmadan məkanı sərinləşdirir.
Oxu.Az xəbər verir ki, terapevt və immunoloq İrina Yartseva Rusiya mətbuatına müsahibəsində kondisionerdən düzgün istifadə qaydalarını izah edib.
Yartseva kondisioneri işə başlamazdan və ya yuxuya getməzdən bir saat öncə yandırmağı tövsiyə edir. Beləliklə, otaq sərinləyir və cihaz güclü hava axını yaratmadan temperaturu qoruyur.
Həkim xəbərdarlıq edir ki, çöldə 30 dərəcə isti olanda otağı qəfil 18 dərəcəyə soyutmaq olmaz. Kəskin temperatur fərqi orqanizm üçün ciddi sınaqdır. Birbaşa soyuq hava axınından qaçınmaq lazımdır, əks halda bədən soyuyur və əzələ ağrıları yaranır.
Kondisionerin pərlərini yuxarıya doğru yönəltmək havanın birbaşa insana vurmasının qarşısını alır. Digər problem quru havadır – cihaz nəmi azaldır, burun və boğaz selikli qişaları quruyur, qıcıqlanma yaradır.
Evdə yataq otağını əvvəlcədən sərinlətmək, gecə kondisioneri 24 dərəcədə səssiz və ya eko rejimdə saxlamaq məqsədəuyğundur. Ofisdə cihazı qəfil tam güclə yandırmayın, rahat temperaturu sabit saxlayın.












