Alimlər 2022-ci ildə "Hunga Tonga-Hunga Ha'apai" sualtı vulkanının püskürməsinin atmosferə gözlənilməz təsir göstərdiyini aşkar ediblər.
"Haber Global"ın məlumatına görə, yeni tədqiqat püskürmənin metan qazının parçalanmasını sürətləndirdiyini göstərir.
Britaniyalı alimlər təhlillər nəticəsində püskürmənin təkcə dağıdıcı olmadığını, həm də atmosferdə qeyri-adi kimyəvi təsirlər yaratdığını bildiriblər.
"Nature Communications" jurnalında dərc olunan məlumata əsasən, partlayışdan sonra əmələ gələn bulud Sakit okean üzərindən Cənubi Amerikaya doğru hərəkət edərkən, TROPOMI peyki yüksək formaldehid konsentrasiyası aşkar edib. Formaldehid metanın parçalanması nəticəsində yaranır.
Tədqiqat göstərir ki, partlayış milyonlarla ton dəniz suyu və külü stratosferə aparıb. Günəş işığının təsiri ilə bu, yüksək reaktiv xlor atomlarının sərbəst buraxılmasına səbəb olub.
Püskürmə stratosferə çoxlu su buxarı da gətirib. Su buxarı istixana effektini artıra bilər.
Tədqiqatçılar metanı azaltmaq üçün təbiətdəki bu prosesi təqlid etməyin mümkün olub-olmadığını araşdırırlar.









