ABŞ alimləri 11 sentyabr terrorundan sonra xilasedicilərdə müşahidə edilən travma sonrası stress pozuntusunun (TSSP) orqanizmin bioloji yaşlanmasını sürətləndirdiyini aşkar ediblər.
Tədqiqat Stony Brook Universitetinin alimləri tərəfindən aparılıb və nəticələr Nature Communications jurnalında dərc olunub.
Alimlər Dünya Ticarət Mərkəzinin dağıntılarının aradan qaldırılmasında iştirak edən 393 xilasedicinin qan nümunələrini təhlil ediblər. Onlardan 232-nə TSSP diaqnozu qoyulub.
Müqayisəli təhlil 114 zülal və 7 metabolitin səviyyəsində əhəmiyyətli fərqlər olduğunu göstərib. Bu dəyişikliklər beyin fəaliyyəti, immun sistemi, enerji mübadiləsi və toxuma bərpasına təsir edir.
Tədqiqat qrupunun rəhbəri Benjamin Luft deyib: “TSSP-li xilasedicilərdə ürək, ağciyər, qaraciyər və böyrəklərdə sürətlənmiş bioloji qocalma əlamətləri aşkar edilib. Bu, onların niyə ürək-damar xəstəlikləri, ağciyər problemləri və idrak zəifliyi ilə daha çox qarşılaşdığını izah edir.”
Alimlər TSSP-nin təkcə psixi deyil, həm də sistemli bir xəstəlik olduğunu vurğulayırlar. Gələcək tədqiqatlar digər travmalarda da oxşar dəyişikliklərin olub-olmadığını araşdıracaq.












